Hamam mədəniyyəti
Hamamlar qədim zamanlardan insanların həyatında mühüm rol oynamışdı. Hamamdan məişətdə təkcə təmizlik məqsədilə ilə istifadə olunmamış, həm də müəyyən mərasimlər zamanı əhəmiyyət kəsb etmişdi. Qədim zamanlarda şairlər, naqallar, dərvilşlər hamamlara yığışıb gözəl söhbətləri ilə hamam əhlini feyziyab edərdi.
Azərbaycanın müxtəlif bölgələrində lap qədimlərdən hamamlar olmuşdu. Orta əsrlərdən günümüzə gəlib çatan bu hamamların əksəriyyəti təmirsiz olsa da, hələ də qalmaqdadır. Belə hamalar çox vaxt müəyyən şəxslər tərəfindən tikdirilmiş və onu tikdirən şəxsin adını daşımışdı. İçərişəhərdə yerləşən XVII-XIX əsr Qasım bəy, XV əsr Hacı Bani, 1912-ci il Ağa Zeynal, Ağa Mikayıl hamamları buna misal ola bilər. Onların arasında Şirvanşah I Xəlilullahın dövründə (XVI əsr) tikilmiş, indi isə yaşıl aptek kimi istifadə olunan hamam xüsusi ilə seçilir. Onun xalq arasında “Şirin hamam” adlandırılması hamama gələnlərə çay ilə bərabər şirniyyatın da təqdim olunması ilə əlaqədardır.
Şirvanşahlara məxsus hamam kompleksi İçərişəhərin ən aşağı hisəsində yerləşir. Rus qoşununun Azərbaycanı işğalı zamanı ciddi dağıntıya məruz qalmış hamam 1939-cu ildə aparılan arxeoloji qazantılar zamanı aşkar edilmişdi. Hamamın indiyədək qalan divar qalıqları və digər hamam kompleksləri ilə müqayisəsi deməyə əsas verir ki, hamamın damı kümbəzlərlə örtülmüş, bu kümbəzdəki yarıqlardan içəriyə işıq düşmüşdü. Hamam qışda isti, yayda sərin olması üçün Bakı-Abşeron hamamlarına xarakterik şəkildə – yerin altında tikilib. Şirvanşahlar saray kompleksinin bir hissəsini təşkil edən bu hamam hündürlüyü və genişliyi ilə diqqəti cəlb edir. Bayır hissədəki otaq geyinib-soyunmaq, içəri otaq isə çimmək üçün istifadə edilmişdi. Hamamda tək çimmək üçün xəlvəti güşələr də vardı. Çimmək üçün olan hissədə hamamı isti və soyuq su ilə təmin etmək üçün hovuzlar qoyulmuşdu. İstilik buxar kanalları vasitəsi ilə çimərlik hissənin döşəməsinin altı ilə gedir və buradan gələn isti hava geyinib-soyunma otağını da isitmiş olurdu. Hamamın daxilində bina dirəyinin üzərində çoxdan xarab olmuş, lakin ilk izlərini bəlli edən ornamentlər şahların binanın xarici ilə yanaşı, içəri divarının bəzəklərinə də xüsusi diqqət yetirdiklərini göstərir.
Ümumiyyətlə, hamamların çimmə salonunda soyuq və isti sututarlar – “xəznələr” yerləşirdi. Suyu isitmək üçün hovuzun altında tağ tavan örtüklü “külxan” adlanan xüsusi kamera qurulur, neft, odun, təzək və s. ilə qızdırılırdı. Çimmə salonu döşəmənin altında qurlaşdırılmış xüsusi kanallar vasitəsi ilə isidilirdi. Soyunub-geyinmə salonunun ortasında fəvvarəli soyuq su, çimmə salonunun ortasında isə isti su hovuzu olurdu.
Hamamlar kişilər üçün açıq olurdu. H.Sarabskinin yazdığına görə, qadınlar üçün olanda “külxançı” və ya “cumadar” dama çıxıb dəmir şeypuru çalar, yaxud hamamın qapısından qırmızı fitə asardı, əhali də həmin günün qadınlar üçün olduğunu bilərdi.
Hamama gedib gəlmək üçün adətən bir gün vaxt tələb olunurdu. Hər kəsin şəxsi kisəsi, dabandaşı, qətfə və geyimi olurdu və hamam gedərkən həmin əşyaları da özü ilə götürürdi. Bundan əlavə, qadınlar yanlarında “sərqətfə” adlanan, üzərində iri dəhrəburnu naxışları olan pambıq parça da götürürdü ki, ondan həm boxça kimi, həm də baş bağlamaq üçün istifadə edilirdi. Ümumi hamamlarda yeniyetmə qızlar yaşlı qadınlara su gətirir, onlara kömək etməyi özlərinə borc bilirdilər.
Hamama gedən qadınlar bəzək əşyalarını, qızıllarını taxıb gedirdilər. Hamamda onları çıxardıb xüsusi mücrünün içərisində mühafizə edirdilər. “Hamam sandığı” adlanan xüsusi qablarda qadınlar xına, basma, kosmetik vasitələr gətirirdilər. Hamamda su yığıb tökmək üçün “satıl”, “hamam tası”, “aftafa-ləyən” və s. ləvazimatlardan, yuyunmaq üçün isə sabun və ya onu əvəz edəb gilabidən istifadə olunurdu. Hamamın içində hamı bədənini qırmızı rəngli fitə ilə örtürdü. Çimib qurtardıqdan sonra isə qüsul verilirdi.